Uşaqlarda onkoloji xəstəliklər

Statistik məlumatların əksəriyyətinə əsasən bütün ölkələrdə uşaqlarda xərçəng xəstəlikləri, o cümlədən bədxassəli şişlərin artımı qeyd olunur. 1 yaşdan 4 yaşadək uşaq ölüm hallarının müxtəlif səbəbləri içərisində bədxassəli şişlər üçüncü yerdə, daha böyük yaş qrupuna keçdikcə isə ikinci yerdə durur (ÜST, 2014).

Xəstəliyinin baş verməsinə səbəb olan bütün amillər risk amilləri adlanır. Uşaqlarda onkoloji xəstəliklərin özünəməxsus xüsusiyyətləri vardır. Əgər böyüklərdə yenitörəmələrin 90%-i xarici amillərin təsirindən asılıdırsa, uşaqlarda əhəmiyyətli yeri genetik amillər tutur. Genetik meyllilik ya irsi, yaxud da uşağın ana bətnində olduğu zaman genetik mutasiya nəticəsində baş verir. Bəzən doğulmuş uşaqda artıq bu mutasiyalardan biri vardır. “Genetik meyllilik” o demək deyildir ki, insanda mütləq müəyyən xərçəng növü inkişaf edəcək. Genetik meyillik xərçəng xəstəliyinin baş verə bilməsi ehtimalını artırır. Məsələn, retinoblastoma uşaqların əksəriyyətində qüsurlu irsi genin olması nəticəsində baş verir (90% hallarda). Xərçəngin müxtəlif növləri müxtəlif risk amillərinə malikdirlər

 

Uşaqlarda xərçəngin əmələ gəlməsinə təsir edən risk amilləri

Uşaqlarda xərçəngin əmələgəlməsinə təsir edən risk amilləri

  • İrsi amillər

Uşaqlarda xərçəng xəstəliyinin əsas səbəblərindən biri – valideynlər tərəfindən ötürülmüş irsi anomaliyalardır. Adətən, anomaliyalar hər insanda vardır, sadəcə onlar həmişə inkişaf edərək xərçəngə çevrilmirlər. Bir çox irsi xəstəliklər, o cümlədən, Daun sindromu (xərçəngin inkişaf riskini 10-20 dəfə artıqdır), Klyaynfelter sindromu, Fankoni anemiyası, ataksiya–teleangiektaziya, Blum sindromu xərçəng xəstəliyinin yüksək riski ilə bağlıdır.

 

  • Ətraf mühitlə bağlı amillər

✓    Günəş radiasiyası (ultrabənövşəyi şüaların çoxluğu)

✓    İonlaşdırıcı şüalanma (tibbi işığa vermə, radonla şüalandırılma)

✓    Qeyri ionlaşdırıcışüalanma (aşağı tezlikli elektrik və maqnit sahələri)

✓    Qeyri düzgün qidalanma (hisə verilmiş və qızardılmış məhsullar, lifli maddələrin, vitaminlərin, mikroelementlərin lazımı miqdarda olmaması)

✓    Dərman preparatları. Kanserogen aktivliyi sübut olunmuş dərman preparatları tibbi praktikadan çıxarılmışdır. Buna baxmayaraq, bir sıra dərmanların (barbituratlar, diuretiklər, fenitoinlər, xloramfenikol, androgenlər) uzun müddət istifadəsi ilə yenitörəmələrin inkişafı arasında əlaqəni göstərən müxtəlif elmi tədqiqatlar vardır. Onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə olunan sitostatiklər bəzən ikincili şışlərin əmələ gəlməsinə səbəb olur. Orqanların transplantasiyasından sonra istifadə olunan immunosuppressiv preparatlar da bəzən yenitörəmələrin inkişaf riskini artırır. 

  • Virus infeksiyaları

Bir sıra viruslar (məsələn, Epşteyn-Barr virusu, Herpes virusu, Hepatit B virusu) insanda müxtəlif bədxassəli şişlərin əmələ gəlməsində iştirak edir, o cümlədən:

✓    Berkitt limfoması

✓    Xodçkin limfoması və burun-udlaq karsinoması (Epşteyn-Barr virusu ilə bağlı hər şey)

✓    qaraciyər xərçəngi (hepatit B və y C virusları)

✓    anal xərçəng (İPV virusu)

✓    Kapoşi sarkoması (İİV və HHV-8)

 

  • Valideynlərin qeyri sağlam həyat tərzi və ətraf mühitin mənfi amillərinin birgə təsiri onların uşaqlarında xərçəngin yaranmasına səbəb ola bilər:

✓    Hamiləlik dövründə qadınların alkoqoldan istifadəsi (yenidoğulmuşlarda leykemiyanın yaranması ehtimalını artırır),

✓    Valideynlərin siqaretdən istifadəsi (hamiləlik dövründə qadının siqaret çəkməsi uşaqlarda xərçəngin bütün növlərinin inkişafı riskini 10% artırır),

✓    Valideynlərin pestisidlər və müxtəlif həlledicilərlə işləməsi (benzol, formaldehid),

✓    Hamiləlik zamanı ananın qarın boşluğunun rentgen olunması.

 

Son illər beyin xərçənginin yaranmasının mobil telefonlardan istifadə ilə əlaqədar olması ehtimalı haqqında məlumatlar ortaya çıxmışdır. Bu məlumatlar kifayət qədər inandırıcı olmasa da, uşaqlarına erkən yaşda mobil telefonlardan istifadə etməyə icazə verən valideynlərin daha diqqətli olmaları vacibdir.

 

Uşaqlarda xərçəngin profilaktikası

Uşaqlarda şişlərin yaranmasının qarşısının alınması preventiv onkologiyanın çətin problemlərindən biridir. Uşaqlarda şişlərin yaranması çox vaxt valideynlərin həyat tərzi və irsi amillərlə bağlıdır. Lakin ətraf mühitin birbaşa təsirləri də müşahidə olunur.

Balaca uşaqların sağlamlığı məhz valideynlərdən asılıdır. Hamiləlik dövründə keçirilən bütün xəstəliklər, həmçinin, zərərli istehsalatda işləmə, gələcək ananın yaşadığı yer və s. amillər öz təsirini göstərir. Hamiləlik dövründə qadınların alkoqoldan istifadəsi yenidoğulmuşlarda leykemiyanın yaranması ehtimalını artırır. Qadına bundan əvvəl olunan abortlarla uşaqlarda bədxassəli şişlərin inkişafı arasında əlaqənin olmasını göstərən bəzi məlumatlar vardır.

Uşaqlarda şiş xəstəliklərinin erkən aşkarlanması və onların vaxtında müalicəsi məqsədiləən başlıca və vacib profilaktik tədbir ciddi dispanser nəzarətdir. Aydın olmayan simptomatika zamanı isəuşaq təcili olaraq mütəxəssislərə- uşaq onkoloqlarına göndərilməlidir.Pediatrlar və valideynlər onkoloji sayıqlılıq göstərməlidirlər, yəni uşaqlarda bədxassəli şişlərin əsas növlərinin ilkin əlamətləri və gedişatı haqqında məlumatlı olmalıdır.

Birincili pediatrik tibbi-sanitar yardım uşaqları daimi nəzarətdə saxlayır və məktəb yaşına qədər ailəyə hər tərəfli, razılaşdırılmış diqqət göstərir. Əgər skrininqin nəticələrinə əsasən uşaq risk qrupuna aid edilirsə bu yardım özündə dərin tibbi müayinələri birləşdirir. Uşağa göstətilən tibbi və qeyri-tibbi tələbatların lazımi qaydada təminatından əmin olmaq üçün pediatrlar uşağın ailəsi ilə sıx əlaqə saxlamalıdırlar.

Uşağın inkişafı ilə bağlı olan bütün problemlər skrininq testlər vasitəsi ilə dərhal həll olunmalıdır. Əgər skrininq testlər zamanı uşağın inkişafında problemlər müşahidə olunarsa daha geniş tibbi müayinələr aparılmalıdır. Daha geniş müayinələr uşağın inkişafında problem və ya geriyə qalmaları müəyyən etməyə və müalicəyə ehtiyac olub-olmadığını aşkarlamağa kömək edir. Uşağın inkişafındakı problemləri dəqiq müəyyənləşdirmək və onun səbəbini aydınlaşdırmaq müalicənin (uşağın müalicəsindən  tutmuş valideynlərin genetik müayinəsinə qədər) düzgün təşkili üçün çox vacibdir.

Həmçinin, uşaqlarda xərçəngin profilaktikası üçün aşağıda göstərilənləri nəzərə almaq vacibdir:

1) Yenitörəmələrin (şişlərin) bəzi növlərinə ailəvi (irsi) meylliliyin vaxtında aşkarlanması (retinoblastomalar, mədənin polipozu, xondromatoz);

2) Hamilə qadının orqanizminə və dölün bətndaxili inkişafı zamanı hər cür zərərli təsirlərin (kimyəvi, radiasiya) mümkün qədər erkən aşkarlanması və aradan qaldırılması;

3) Ehtiyac olduqda xoşxassəli şişlərin götürülməsi və bədxassəli şişlərin yaranması üçün əsas olan inkişaf qüsurlarının müalicəsi (nevuslar və ya xallar, teratomalar, osteoxondromlar).

 

Beləliklə, uşaqlarda bədxassəli şişlərin profilaktikası bir tərəfdən uşaqların yaşadıqları yerlərdə xarici şüalanma mənbələrinin təsirindən qoruma, valideynlərin zərərli məişət vərdişlərinin uşağa təsirinin qarşısının alınması (hər şeydən əvvəl passiv tütünçəkmə), uşaqların müayinəsi zamanı rentgen şüalandırıcılarının istifadəsini məhdudlaşdırmaq və ya məsələn ultrabənövşəyi şüalardan (günəş şüası) uşaqların qorunması üçün xüsusi qoruyucu kremlər və ya paltarların istifadəsi yolu ilə aparılmalıdır. Digər tərəfdən isə, uşaqların inkişafı zamanı ciddi dispanser müşahidənin aparılması, onkoloji xəstəliklərin erkən aşkarlanması məqsədilə “onkoloji sayıqlılıgın” göstərilməsidir.

 

 

BİBLİOQRAFİYA.

 

  1. Ward E, DeSantis C, Robbins A, Kohler B, Jemal A. Childhood and adolescent cancer statistics, 2014. CA: A Cancer Journal for Clinicians 2014; 64(2):83-103. [PubMed Abstract]
  2. Ries LAG, Smith MA, Gurney JG, et al. (eds). Cancer Incidence and Survival among Children and Adolescents: United States SEER Program 1975-1995. National Cancer Institute, SEER Program. NIH Pub. No. 99-4649. Bethesda, MD; 1999.
  3. Howlader N, Noone AM, Krapcho M, et al. (eds). SEER Cancer Statistics Review, 1975-2011, National Cancer Institute. Bethesda, MD, http://seer.cancer.gov/csr/1975_2011/ , based on November 2013 SEER data submission, posted to the SEER web site, April 2014.
  4. Warren KE. Diffuse intrinsic pontine glioma: poised for progress. Frontiers in Oncology 2012; 2:205. [PubMed Abstract]
  5. Popov SD, Sebire NJ, Pritchard-Jones K, Vujanić GM. Renal tumors in children aged 10-16 Years: a report from the United Kingdom Children's Cancer and Leukaemia Group. Pediatric and Developmental Pathology 2011; 14(3):189-193. [PubMed Abstract]
  6. Smith MA, Altekruse SF, Adamson PC, Reamon GH, Seibel NK. Declining childhood and adolescent cancer mortality. Cancer 2014; First published online: May 22, 2014.  [PubMed Abstract]
  7. Moore SW. Developmental genes and cancer in children. Pediatric Blood and Cancer 2009; 52(7):755-760. [PubMed Abstract]
  8. Ma X, Urayama K, Chang J, Wiemels JL, Buffler PA. Infection and pediatric acute lymphoblastic leukemia. Blood Cells, Molecules, and Diseases 2009; 42(2):117-120. [PubMed Abstract]
  9. Ross JA, Spector LG, Robison LL, Olshan AF. Epidemiology of leukemia in children with Down syndrome. Pediatric Blood and Cancer 2005; 44(1):8-12. [PubMed Abstract]
  10. Hsu WL, Preston DL, Soda M, et al. The incidence of leukemia, lymphoma and multiple myeloma among atomic bomb survivors: 1950-2001. Radiation Research 2013; 179(3):361-82. [PubMed Abstract]
  11. Cardis E, Hatch M. The Chernobyl accident--an epidemiological perspective.Clinical Oncology: A Journal of the Royal College of Radiologists 23(4):251-260. [PubMed Abstract]
  12. Linet MS, Kim KP, Rajaraman P. Children's exposure to diagnostic medical radiation and cancer risk: epidemiologic and dosimetric considerations. Pediatric Radiology 2009; 39 Suppl 1:S4-26. [PubMed Abstract]
  13. Belson M, Kingsley B, Holmes A. Risk factors for acute leukemia in children: A review. Environmental Health Perspectives 2007; 115(1):138-145. [PubMed Abstract]
  14. Urayama KY, Ma X, Selvin S, et al. Early life exposure to infections and risk of childhood acute lymphoblastic leukemia. International Journal of Cancer 2011; 128(7):1632-1643. [PubMed Abstract]
  15. Kinlen L. Childhood leukaemia, nuclear sites, and population mixing. British Journal of Cancer 2011; 104(1):12-18. [PubMed Abstract]
  16. Hudson MM. Reproductive outcomes for survivors of childhood cancer. Obstetrics and Gynecology 2010; 116(5):1171-83. [PubMed Abstract]
  17. Bleyer A, Barr R, Hayes-Lattin B, et al. The distinctive biology of cancer in adolescents and young adults. Nature Reviews. Cancer 2008; 8(4):288-298. [PubMed Abstract]